Her Yeni Martda Yanvar"
1918-ci il martın 29-u səhərə yaxın Bakıdakı Təzəpir məscidi yaxınlığından atılan top və mərmilərin səsinə bütün şəhər diksindi. Dinc əhalinin qarşıda onları ermənilərin əli ilə törədiləcək soyqırımdan xəbəri yox idi. Ondan da xəbəri yox idi ki, ermənilərin Bakıdan başladıqları soyqırım Quba, Şamaxı, Zəngəzur, Gəncəyə, oradan da bütün ölkəyə keçəcək. Martın 30-u və 31-i soyqırımın ən geniş miqyas aldığı günlərdir. Təkcə Bakıda həmin gunlər 50 minə yaxın azərbaycanlı öldürülmüşdü.
Əslində, bu heç də soyqırımın başladığı ilk tarix deyildi. Buna qədər ermənilər 1905-06-cı illərdə kütləvi qətllər törətmişdilər. 1918-ci ilin martındakı qırğınlardan əvvəl isə həmin ilin yanvarnda ermənilər İrəvan və onun ətrafındakı 211 müsəlman kəndinə basqın edib, üç yüz min azərbaycanlını xüsusi qəddarlıqla məhv etmişdilər. Mart qırğınları zamanı qorxudan məscidlərdə gizlənən qadın və uşaqları da qəddarlıqla qırırdılar. Həmin günlər Bakının əksər kəndlərinin əhalisi dəniz yolu ilə Dərbəndə qaçırdı.
O ki qaldı Bakıya, ermənilər şəhəri xarabalığa döndərimşdilər.
Paytaxtdakı strateji binalar partladılmışdı. Kaspi mətbəəsi yanldırılmış, Göy Məscid dağılmış, Müsəlman Xeyriyyə Cəmiyyəti və Azərbaycanın siyasi elitasının qərargahı və o zamanlar siyasi beyin mərkəzi sayılan İsmailiyyə binası da (indiki Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) mərmilərə tutulmuşdu.
Bu gün həmin İsmailiyyə binasına arxitektur şedevr kimi baxıb yanından ötürsən və heç ağlına da gəlmir ki, o bina, əslində, olmaya da bilərdi. Hardan biləsən axı? Binanın heç yerində həmin tarixdən xəbər verən məlumat yoxdu. Bizim yerimizə ermənilər olsaydılar bəlkə də ora belə bir qeyd həkk edərdilər - bu bina olmaya da bilərdi. Çunki soyqırım nəticəsində və s. Yeri gəlmişkən, aprelin 24-də bütün Ermənistanda matəm elan olunacaq. Çünki onlar həmin günü qondarma erməni soyqırımının baş verdiyi tarix hesab edirlər. Ora tez-tez gedib-gələn jurnalistlərdən birinin növbəti səfəri həmin o soyqırım gününə təsadüf edirdi və məqalələrinin birində yazırdı ki, aprelin 24-ü İrəvanda elə küçə, elə dalan olmur ki, orada «soyqırıma» aid stendlər, lövhələr asılmasın. «Soyqırıma» yas tutan ermənilər kilsələrə axışıb soydaşlarınn ruhuna dualar oxuyur, məktəblərdə soyqırım dərsləri keçirilir, televiziya və radiolarda mətam musiqisi səslənir.
Aprelin 24-də ermənilər 1921-ci ildə Berlində Türk Ordusunun generalı Tələt Paşaya sui-qəsd etmiş erməni tələbəsi Soqomon Teqeryana ucaldılmış möhtəşəm heykəlin ətrafında cəm olur, onun erməni xalqı üçün gördüyü qəhrəmanlığından danışırlar. Bu nümunələri artırmaq da olar, çünki onlar çoxdur.
Bizdə isə hələ də rəsmi səviyyəyə çıxarıla bilməyən təkliflər elə təklif şəklində də yatır. Matrın 31-dəki soyqırım xatirələri yerli televiziyaların bir-iki tarixçi ilə müsahibəsindən, Şəhidlər Xiyabanına əklil qoyulmasından o yana keçmir. Sonra martın 31-i bitir, aprelin 1-i isə hamı bir-birini aldatmağa başlayır. Axmaqlar günüdür axı.
Avropa parlamentlərində erməni soyqırımının tanınması heç də bir günün içində baş verməyib və heç də yalnız xristian dünyasının ermənilərin tərəfində olmasının nəticəsi deyil. Bu, ermənilərin martın 24-dən gələn marta qədər hər gün işləməyinin bəhrəsidir. İnternetdə azərbaycanlıların qətlə yetirildiyi 31 Mart qırğınları ilə bağlı bir-iki məlumat tapa bilsən, böyük şeydir. Genosid sözünü yazan kimi erməni saytları açılır. Tarixdə genosid kimi tanınası onlarca hadisə baş verib, ancaq heç biri ermənilərin uydurma genosidləri qədər təbliğ olunmur.
Sovet vaxtı hər il sentyabrın 1-də ilk dərs günündə Sülh dərsi keçərdilər. Amma həmin gün müəllimlər şagirdlərin qulağı eşidə-eşidə yay istirahətlərindən, kimin nə qədər mürəbbə və turşu bağlamasından danışardılar. Yəqin, hər il martın 31-ni Azərbaycan məktəblərində Soyqırım dərsini təşkil etmək olar, yalnız soyqırım tarixindən danışmaq şərtilə. «31 Mart» Azərbaycanlı Soyqırımını Tanıtım Təşkilatının sədri Xaqani İsmayıl təklif edir ki, Azərbaycanda Soyqırım Ensiklopediyası dərc olunsun və orada 1905-ci ildən başlayaraq ötən əsrdə baş vermiş erməni-Azərbaycan qarşıdurmalarının bütün tarixi yerləşdirilsin. Sonra isə xarici dillərə tərcümə olunaraq səfirliklərə və ən nüfuzlü siyasi təşkilatlara göndərilsin və bütün tədris ocaqlarına pulsuz paylanılsın.
Xaqani İsmayıl “Bakı Soveti” metro stansiyasının adının bu günə qədər dəyişdirlməməsini təhqir hesab edirdi.Yaxşıki bu yaxınlarda onun adını dəyişdirdilər. Onun sözlərinə görə, 1917-ci ildə Rusiya Xalq Komissarları Sovetinin qərarı ilə Şaumyan Qafqaza fövqəladə komissar göndərilmişdi. Bundan sonra isə bir qrup erməni onu o zaman Bakıda qanunsuz elan edilmiş Bakı Soveti deyilən qurumun sədri seçdi. «Bakı Sovetinin başında duran bu adamın Mart qırğınlarıyla birbaşa əlaqəsi var. Təkcə bu fakt kifayət edirdi ki, “Bakı Soveti” metrosunun adı dəyişdirilsin. Şəhərin həmin hissəi Mart qırğınlarının şahididi. 20 Yanvar hadisələrindən sonra “11-ci Qızıl Ordu” metrosunun adını “20 Yanvar” qoyduqları kimi, “Bakı Soveti”nə də Soyqırım, 31 Mart və ya həmin günləri ehtiva edə biləcək bir başqa ad vermək lazımdır. Mən bu təkliflə Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə məktub yazmışam. Hələ cavab gözləyirəm». Xaqani İsmayıl Bakıda küçələrindən birinə 1918-ci il sentyabrın 15-də Bakını erməni-rus işğalından azad etmiş Türk İslam Ordusunun generalı Nuru Paşanın adını verilməsini təklif edir.
1990-cı ilin 20 yanvar hadisələrinin baş verdiyi 11-ci Qızıl Ordu Meydanında rus əsgərinin əzəmətli heykəlini yığışdırandan sonra orada 20 Yanvar abidəsinin ucaldılması haqqında müxtəlif fikirlər var idi. Ancaq çox sonralar bu gözləntilər stansiyanın tavanında qərənfilli ekspoziyasının quraşdırılması ilə bitdi.
Çoxlarını narazı qoyan abidələrdən birini də şəhərin mərkəzindən aralıda ucaltdılar. Xocalı faciəsi ilə bağlı. Bakıda işləyən Kanada vətəndaşı Melodi Daniels deyir ki, əvvəllər kirayədə qaldığı evin pəncərəsi düz «Ana Fəryadı» abidəsinə baxırdı. «Mən hələ Azərbaycana gəlməmişdən əvvəl bu faciə haqqında eşitmişdim. Heç vaxt ağlıma gəlməzdi ki, bu ölkəyə gələcəyəm, burada yaşayacağam və evimin pəncərəsi məni xeyli sarsıtmış Xocalı abidəsinə açılacaq. Abidəyə hər baxanda tüklərim ürpəşirdi. Xocalının dəhşətinə görə yox. Dünyanı silkələmiş bir faciəyə belə bəsit, sadə ən pisi də şəhər mərkəzindən kənarda qoyulan abidəyə görə».
Yazıçı Anar da «Ana Fəryadı» abidəsinin Xocalı qırğınını tam ehtiva etmədiyini düşünür. «Şəxsən mən Xocalı abidəsini belə görürəm ki, geniş yerə qum tökülür, üstünə isə xarabalıq daşları düzülur və yerdən də həmişə tüstü çıxır». On ilə yaxındır ki, Şəhidlər Xiyabanında Şəhidlər Muzeynin açılmasını təklif etdiyini bildirən yazıçı Anar bu ideyanı prezidentin də bəyəndiyini deyir. O, təkcə 20 Yanvar şəhidləri ilə deyil, 1905, 1918, 1937-ci illərin repressiya qurbanları haqqında əldə olan bütün sənədləri və Xocalı qırğınlarını sübut edən şəkil, görüntü, fakt və arxiv sənədlərinin toplusunu bir yerdə cəmləşdirmək üçün keçmiş Kirov heykəlinin altındakı mərmərsütunlu ərazini ən münasib yer sayır.«20 Yanvar gecəsi Sumqayıt yolunda rus tankınn əzdiyi avtomobili, güllə-baran edilmiş “təcili yardım” maşınını da tapıb Şəhidlər Muzeyinə gətirmək olar. Xiyabana əklil qoyandan sonra, belə bir muzeyə ekskursiya həm tariximizi bilməyənləri, həm xariciləri məlumatlandırar, ümumi təsəvvürlər dəyişər. Mən əminəm ki, o muzey yaradılacaq. Hətta orada bir neçə xarici dildə danışan bələdçiləri də işə cəlb etmək lazımdır». Anar Yazıçılar İttifaqı ilə üzbəüzdəki keçmiş 26 Bakı Komissarı (indiki Sahil) meydanına Mart Qırğınları Meydanı adının verilməsini də təklif edir.
Türkiyə Radio və Televiziya Qurumunun (TRT) Bakı təmsilçisi Əbdülhəmid Avşar Türkiyənin ermənələrə qarşı apardıqları antisoyqırım təbliğatına nisbətən gec, 1970-ci illərdə başladığını bildirir. «Türkiyə ermənilərin ASALA təşkilatını xarici dövlətlərdəki türk diplomatlarını öldurməyə başlayandan sonra ayıldı. 70-ci illərə qədər Türkiyədə 1905, 1918, 1920-ci illərdəki qətliamlar haqqında bir söz deyilmirdi. Erməni soyqırımı gündəliyə gətiriləndən və Avropa parlamentlərinin soyqırımı tanımasından sonra mübarizənin tempi dəyişdi». Əbdülhəmid Avşarın sözlərinə görə, Türkiyənin gördüyü ilk iş dövlət arxivlərinin açılması və onun hamıya əlçatım edilməsi oldu. Bundan sonra isə ermənilərin iddiaları sübuta çağırıldı.
Türkiyənin antierməni təbliğatının əsas uğuru Qarsdakı məzarların, daha doğrusu, meyitlərin üst-üstə qalandığı xəndəklərin açılması idi.
Meyitlərin kəllə sümükləri araşdırılmaq üçün Avroraya göndərildi və bəlli oldu ki, onların hamısı erməni yox, ermənilərin qırdığı türklərə məxsusdur. Əksər Avropa alimləri soyqırımın məhz ermənilər tərəfindən aparıldığını anladı. Bütün bunlarsa bu il aprelin 24-də Amerika televiziyalarının birində göstərilməsi nəzərdə tutulan erməni soyqırımı haqqında filmin nümayişindən sonra həmin filmdə deyilənləri təkzib etmək üçün bir türk və Amerika aliminin çıxışının icazəsinə rəvac verdi. Amerikadakı erməni lobbisi bunun qarşısını almağa çalışsa da, telekanalın rəhbərliyi plüralizmin qorunması üçün alimlərin çıxış edəcəklərini təsdiqlədi.
Biz isə bu neçə ildə hələ bir muzey də yarada bilməmişik. Deyəsən, dostlarımızdan və düşmənlərimizdən öyrənməli çox şey var. Ancaq əvvəlcə ən azı yetişən nəslə elə də uzaq olmayan tariximizi öyrətməkdən başlamalıyıq.